LAYİHƏ | “Uşaqlıqda kolxozdan oğurluq edirdik” - Nizami Cəfərov

 LAYİHƏ |  “Uşaqlıqda kolxozdan oğurluq edirdik” - Nizami Cəfərov
  01 Aprel 2014    Oxunub:1333
İnsan yaşadığı, var olduğu müddətdə daim həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz, dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur.
Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur. İllər ötdükcə isə edə bilmədiklərimiz “kaş ki”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur.

Beləliklə AzVision.az-ın “Nəyi dəyişərdin?” rubrikasının budəfəki həmsöhbəti Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovdur.

Keçmişə qayıtsam birini düz, digərini səhv edəcəyəm

-İnsan müəyyən həyat yaşayandan sonra düşünür ki, nəyisə dəyişərdim. Mənə dəfələrlə bununla bağlı suallar veriblər. Buna görə də düşünürəm ki, necə olubsa, necə yaşamışamsa, deməli elə də olmalı imiş. Hər halda insanın bir tale məsələsi var. Bir çox şeylər bizim özümüzdən asılı deyil. Bəlkə dəyişərdim, bundan da pis olardı. O cəhətdən həmişə mənə həyatda nə olubsa deməli belə olmalıdır prinsipi ilə yaşamışam. Təbii ki, insanın məsuliyyət məsələsi də var. Gərək əvvəlcədən o məsuliyyət səndə olsun. Bu da insanın canında olmalıdır, kimisə zorla məsuliyyətli etmək olmaz.

Həm ağıl, həm də hislərlə hərəkət edirsən. Bunlar bir- birini əvəz edir və bir halda biri, digər vaxtda o biri üstün ola bilir. Nəticədə tərcümeyi –halını yazır. İnsan həyatında ciddi səhvlər edir, bəzən deyir ki, kaş ki bu olmayaydı. Bunu yalnız deyə bilirsən, amma onu dəyişdirə bilmirsən. Lap keçmişə də qayıtsam, o səhvi düzəltmək istəsəm, o zaman da birini düzəldib, digərini səhv edəcəyəm.

Dünyanın bütün filosofları o fikirdədir ki, insana həyat təsadüfən verilsə də, onun həyatı, tərcümeyi- halı tam təsadüflərdən ibarət deyil. Elə etməlidir ki, o bir tarxi qoyub getsin. İndi nə dərəcədə bu tarix böyük, kiçik ola bilər, onu deyə bilmərəm. Yaxşı işlərin, münasibətlərin, şəxsiyyət formalaşdırmağın hər birinə insanın tarixi kimi baxırıq. Hər bir insanın tarixi, şəxsiyyəti, tərcümeyi- halı bir əsərdir.

Kolxozun bağından oğurluq etmişik

-Uşaqlığım çox yaxşı keçib. Uşaqlar nə iş görə bilərsə, onun hamısnı etmişəm. Oynamaq, qaçmaq, güləşmək, gəzmək, dostluq etmək kimi işləri mən də etmişəm. Sən deyən elə də dəcəl olmamışam. Daha çox təmkinli olmuşam. Arada bir dəcəllik etmişəm. Ona görə də lazımı cəzanı almışam. Olub ki, kolxozun- sovxozun bağına oğurluğa getmişik. Lazım olmayan şeyləri oğurlayıb gətirmişik, hətta onun üstündə cəzalanmışıq. Həmçinin olub ki, evdən qaçıb Kürdə çimməyə getmişik. Təbii uşaqlığın elə hərəkətləri var ki, bunlar qaçılmazdır. Çünki uşağın həddindən artıq tərbiyəli olması da anormallıqdır . Həm də mümkünü olası şey deyil, həm də onu ondan tələb edirik. Belə bir parodoks yaranır.

Gəncliyimi çox tez bitirmişəm

-Tələbə vaxtı yataqxanada qalmışam. Gəzmək, dünyadan zövq almaq, bir yerə toplaşmaq, bunlar məndə çox olmayıb. Daha çox oxumaqdan zövq almışam. Təbii ki, sevgi xatirələrim də olub. Onsuz şey olmaz axı. Bu bir insana doğma və yalnız ona aid məsələdir ki, o barədə adətən danışılmır. Şübhəsiz necə olar ki, gənc olasan sənin o cür macərların olmaya.

Özümü 40-50 yaşında kimi hiss edirdim

Mən 33 yaşımda professor olmuşam. Bu proseslər gedəndə təbii ki, daha orada çoxları üçün normal hesab ediləcək işlərlə məşğul olmaq olmur. Çünki boynunda çöx böyük məsuliyyət var. Artıq bir universitetin müəllimi idim və o mənada yəqin ki, mən gəncliyimi çox tez bitirmişəm. Sonra da çox sürətlə ahıllıq, axsaqqallaşma başlayıb. Bu təbii ki sənin özünün xarakterində də olur, cəmiyyətdə boynuna qoyur. Çalışırsan ki, bir az daha sərbəst olasan, bir az dünyadan daha çox zövq alasan, artıq onda imkan olmur. Sənin həyatın cızılır, magistral müəyyəndir. Sonradan da özümdən yaşca böyük insanlarla oturub durmalı olmuşam, 25-26 yaşımdan sonra yaşıdlarıma olduqca gənc kimi baxmışam. Özümə də hardasa 40-50 yaşımda kimi yanaşırdım. Bu da artıq mənim həyatımı müəyyənləşdirib. Normal və kifayət qədər uğurlu yaşamışam. Güman etmirəm ki, keçmişə qayıtsam belə uğurlu tərcümeyi -hal ortaya qoya bilərdim. Elə bundan yaxşısı yoxdur .

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti